“Şəfa” klinikasında nöqsanlar aşkarlandı: nazirlik hərəkətə keçdi
06-may-2024Səhiyyə Nazirliyi “Sefa Medical Group”da nöqsanlar aşkarlayıb.
İqtisadiyyat.az xəbər verir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikada yoxlama aparılıb.
Yoxlama zamanı sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulduğu, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib olunub.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin baxış iclası mayın 14-nə təyin edilib.
Əgər məhkəmə iddianı təmin edərsə, “Sefa Medical Group”u 8 000 manatadək cərimə gözləyir.
Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.