Orenburq su altına gedir: Şəhər meri bütün sakinləri dərhal şəhəri tərk etməyə çağırdı
08-apr-2024Rusiyanın Orenburq şəhərinin meri Sergey Salmin Orskda bəndin dağılmasından sonra mümkün daşqınlar səbəbindən şəhərin bütün sakinlərini təxliyə etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə “Telegram”da yazıb.
“Su gecələr gələ bilər, siz öz həyatınız və yaxınlarınızın həyatını təhlükəyə atırsınız! Mütləq daşqın zonasında olan hər kəs evini tərk etməlidir. Evakuasiyanı təxirə salmayın!” – Salmin bildirib.
Onun sözlərinə görə, yaxın iki gündə vəziyyət daha da pisləşəcək. “Mütəxəssislərin fikrincə, suyun səviyyəsi təhlükəli həddi keçəcək. Bunu gözləməyin! İndi çıxın”, – o qeyd edib.
Salmin bildirib ki, aprelin 8-dən etibarən Orenburqda daşqınla bağlı vəziyyət pisləşir və şəhərdə fövqəladə vəziyyət rejimi qüvvədədir. Bu gün səhər saatlarında Ural çayında suyun səviyyəsi 872 sm olub və təhlükəli həddə – 930 sm-ə yaxınlaşır.
Artıq 2015 torpaq sahəsi və 1535 təsərrüfat su altında qalıb. Onlardan 188-i – son 24 saat ərzində.
Son siyahıyaalmaya görə, Orenburq şəhərinin əhalisi 543 654 nəfər təşkil edir.
Xatırladaq ki, aprelin 5-də Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində Ural çayında bənd qırılıb. Şəhərin bir çox ərazisi su altında qalıb. Digər şəhərlər də daşqın təhlükəsi ilə üzləşib, aprelin 7-də axşam saatlarında Orenburq vilayətində Ural çayında suyun səviyyəsi 864 sm-ə çatıb. Daşqınla bağlı vəziyyət kritik olaraq qalır, su səviyyəsi yaxın günlərdə yalnız artacaq.