Emin Hüseynov: "Qarabağda işlər alternativ enerji mənbələrindən istifadə edilməklə həyata keçirilməlidir"
19-okt-2023Qarabağda aparılan bərpa-quruculuq proseslərində həyata keçirilən işlər daha keyfiyyətli, ən müasir şəhərsalma standartlarına uyğun, ekoloji cəhətdən daha müasir yollarla və "yaşıl zona" konsepsiyası əsasında alternativ enerji mənbələrindən istifadə edilməklə həyata keçirilməlidir və müasir həllər mütləq nəzərə alınmalıdır.
"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
"Prezidentin rəhbərliyi ilə Böyük Qayıdış 1-ci Dövlət Proqramı təsdiq olunub və bu proqrama uyğun olaraq artıq bir neçə yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıdıb məskunlaşıblar. Bu proses davam edir. 2026-cı ilə qədər ümumilikdə 34 500 ailənin, 140 min nəfərə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur. Bu proseslər davam edəcək", - deyə E.Hüseynov əlavə edib.