Bu gün:
Xezer.info » Eksklüziv » Qalmaqallı “ARS Reabilitasiya Mərkəzi” ilə Səhiyyə Nazirliyi arasında dava – Nə baş verir?

Qalmaqallı “ARS Reabilitasiya Mərkəzi” ilə Səhiyyə Nazirliyi arasında dava – Nə baş verir?



“ARS Reabilitasiya Mərkəzi” barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və işə yenidən baxılması Səhiyyə Nazirliyinə tapşırılıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
İş materiallarından aydın olur ki, Səhiyyə Naziriliyi “ARS Reabilitasiya Mərkəzi” MMC-də bir ay ərzində iki dəfə plandankənar yoxlama keçirib. MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4 (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması) maddəsi ilə protokol tərtib edilib.

Sözügedən protokolla bağlı “ARS Reabilitasiya Mərkəzi”nin rəhbəri məhkəməyə şikayət verib. İddia olunub ki, keçirilmiş həmin yoxlamada yoxlayıcı şəxslər qismində Teymur Musayev, İlkin Əhmədov və Aqşin Salmanovun iştirak etməli olduğu halda, səlahiyyəti çatmayan şəxslər iştirak edib.
Digər bir tərəfdən isə B.Mirzəyev özünü İlkin Əhmədov kimi təqdim etməyə cəhd edərək yoxlama prosesində qeyri-qanuni iştirak edib və onun yoxlamada iştirakını təsdiq edən heç bir hüquqi sənəd mövcud olmayıb. Bu hal MMC-nin nəzarət kameralarının videoçəkilişi ilə təsdiq olunur.
Məhkəmədə “ARS Reabilitasiya Mərkəzi”nin rəhbəri Sevda Xanməmmədova izahat verərək 17 il sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 2020-ci ildə lisenziya aldığını və məqsədinin realibitasiya sahəsində köməyə ehtiyacı olanlara yardım etmək olduğunu deyib. O, Səhiyyə Nazirliyi tərəfindən aparılan həmin yoxlamaların qərəzli olduğunu iddia edib. Sevda Xanməmmədova göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş edib.

Sevda Xanməmmədova
Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasında çıxış edərək MMC-də 2 dəfə planlı və plansız yoxlama keçirildiyini bildirib. İlk yoxlama zamanı “ARS Reabilitasiya Mərkəzi”ndə sertifikatsız işçi müəyyən olunub və inzibati xəta haqqında protokol tərtib edilib. İkinci yoxlama 30 avqust 2023-cü il tarixdə keçirilib. Bu dəfə sənədlər təqdim edilmədiyi üçün inzibati tənbehvermə haqqında qərarın qəbul olunduğunu deyib.
Məhkəmənin qərarı ilə “ARS Reabilitasiya Mərkəzi”nin rəhbərinin şikayəti qismən təmin edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol isə ləğv olunub və işə yenidən baxılması Səhiyyə Nazirliyinə tapşırılıb.
Bir müddət əvvəl Milli Məclisin vitse-spikeri Adil Əliyevlə “ARS Reabilitasiya Mərkəzi” arasında qalmaqal yaranmışdı. Gununsesi.info-nun bu barədə yaydığı məlumatda bildirilirdi ki, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını istəyir.
Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin “ARS Reabilitasiya Mərkəzi”ndə prosedur zamanı kürəyinin yandırılmasıdır. Bu hadisədən sonra Əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.