Bu gün:
Xezer.info » Bu gün » Cərimələrin artırılması sürücülərin məsuliyyətini artıracaqmı - rəy

Cərimələrin artırılması sürücülərin məsuliyyətini artıracaqmı - rəy



Deputat: “İçkili, psixotrop maddə istifadə etmiş sürücü 10-15 nəfərin həyatına son qoya bilər, ona görə də...”
Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə “Yol hərəkəti qaydaları”nın pozuntusuna görə bir sıra dəyişikliklər olunub. Həmin dəyişikliklərdə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği əhəmiyyətli dərəcədə artırılıb.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə də cərimə artırılır.

Qüvvədə olan qanuna görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilədək müddətə məhdudlaşdırılır. Layihəyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq. Birtərəfli hərəkət yollarında əksinə hərəkətə görə cərimə artırılır.

Layihəyə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə ediləcək. Hazırda bu cərimə 100 manat məbləğindədir. Digər bir dəyişikliyə görə, narkotikin təsiri altında avtomobil sürənlərin 600 manat cərimələnməsi, sürücülük hüququnun 6 ay məhdudlaşdırılması, narkotikin təsiri altında ictimai nəqliyyat idarə edənlərin sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında avtomobili idarə etdikdə, onların 800 manat cərimələnməsi, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında ictimai nəqliyyatı idarə etdikdə, onların 6 ayadək inzibati həbs olunması, narkotikin təsiri altında olduqları halda tibbi müayinədən imtina edənlərin sürücülük hüququnun 1 ilədək məhdudlaşdırılması və digər cərimə və cəzalar nəzərdə tutulub.

Yolda sürət həddini aşmaya görə də cərimələr artırılıb. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. Qeyd edək ki, dəyişikliyə qədər yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilirdi.

Yol hərəkət qaydalarını pozmaya görə cərimələrin, cəzaların artırılması bu sahədə vəziyyətin düzəlməsinə səbəb olacaqmı? Bir sıra ekspertlər kobud və qəsdən qayda pozan sürücülərin sürücülük hüququnun ömürlük alınmasının daha effektiv ola biləcəyini deyirlər. Ona görə də belə cəzaları nəzərdə tutan bəndlərin artırılmasını təklif edirlər. Bunu yol ekspertləri, sürücülər doğru hesab edirmi? Alternativ nə təklif edilir?

Ekspert: “Cərimələrin artırılmasına görə ancaq qaydaları pozanlar narahat olur”

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, qəzaların baş verməsinin qarşısını almaq üçün təkcə cərimələrin artırılması kifayət deyil: “Yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün sürücülərin maariflənməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac var. Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı prosedur sərtləşdirilməlidir. Təlim prosesi daha da ciddiləşdirilməlidir. Sağlamlıq haqqında arayışların alınmasına yenidən baxılmalıdır. Cərimələrin artırılması çıxış yollarından biridir. İşıqforu qırmızı işıqda keçmək, sürət həddini əhəmiyyətli dərəcədə aşmaq, eləcə də narkotik maddələrin təsiri altında avtomobil idarə etmək kifayət qədər ciddi qayda pozuntularıdır. Bu kimi qayda pozuntularına tətbiq edilən cərimələrin məbləği artırılmalıdır ki, baş verməsin. Cərimələrin artırılmasına görə ancaq qaydaları pozanlar narahat olur”.

Razi Nurullayev

Deputat Razi Nurullayev mətbuata açıqlamasında bildirib ki, avtoqəzaların qarşısını almaq üçün təkcə cərimələrin artırılması yox, yolların düzgün tənzimlənməsi, ikihərəkətli zolağın olması da vacibdir. Deputat hesab edir ki, ümumilikdə cərimələrin artırılması dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bəzi cərimələrin artırılması vacib olsa da, ümumilikdə cərimələrin artırılması dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədi daşıyır: “Mən, ümumiyyətlə, cərimələrin artırılmasına qarşıyam. Amma alkoqollu içki, narkotik maddə istifadə edərək avtomobil idarə edənlərə qarşı nə qədər cərimələr artırılsa, mən etiraz etmərəm. Çünki bir spirtli içki içən, psixotrop maddə istifadə edən şəxs 10-15 nəfərin həyatına son qoya bilər. Ona görə də bəzi qayda pozuntulara görə cərimələr artırılsa yaxşıdır. Çox təəssüf ki, spirtli içki istifadə edib sükan arxasına əyləşənlərə tətbiq edilən cərimə artırılmayıb. Bu məbləğ elə 400 manat saxlanılıb. Oraya yeni bənd əlavə edilib. Bu da psixotrop və narkotik istifadə edib avtomobil idarə edənlərə qarşı cərimənin 600 manat olmasıdır. Bununla belə, mən spirtli içki qəbul edib sükan arxasına əyləşənlə psixotrop maddə istifadə edib avtomobil sürən arasında bir fərq görmürəm”.

Deputat deyib ki, yollarda sürət həddinin aşılmasına görə tətbiq edilən cərimələrin artırılması isə yollarda baş verən avtoqəzaların sayının azalmasına səbəb olmayacaq. Onun sözlərinə görə, avtoqəzaların qarşısını almaq üçün yolların düzgün tənzimlənməsi, ikihərəkətli zolağın olması vacibdir: “Ələt-Astara yolunun Salyan və Biləsuvardan keçən hissəsində hər gün 10-15 yol-nəqliyyat hadisəsi olurdu. İndi Ələt-Astara yolu iki zolaqdan ibarətdir deyə, orada qəzaların baş verməsinə az rast gəlinir. Yol zolaqları baryerlərlə ayrılmalıdır ki, sürət həddini aşdıqda, ötmə əməliyyatı olduqda qəzalar baş verməsin. Hazırda bu yolla sürücülər rahat gedə bilirlər. Bu gün qəzalar daha çox birzolaqlı yollarda ötmə əməliyyatları zamanı baş verir. Bu şəkildə yolların tənzimlənməsi cərimələrin artırılmasından daha effektli nəticə verir”.