Bu gün:
Xezer.info » Maraq » Hökümətlərin "TikTok" qadağaları - Məxfilik və təhlükəsizlik riskləri var

Hökümətlərin "TikTok" qadağaları - Məxfilik və təhlükəsizlik riskləri var



Çinin “ByteDance” şirkətinə daxil olan “Tiktok” sosial media platformasına sanksiya tətbiq edən ölkələrin sayı artır.

"TikTok" istifadəçilərinin məlumatlarının Çin hökuməti tərəfindən toplanıb öz mənfəətləri üçün istifadə edilməsi barədə məlumatlar narahatlıqlara səbəb olub. Bu səbəbdən sosial platforma bir sıra hökumətlərin oxlarının hədəfinə çevrilib. Şirkətdən verilən açıqlamalarda Çin hökumətinin istifadəçilərin məlumatlarına çıxışı olmadığı bildirilib. Lakin "TikTok"un dövlət işçilərinə iş və ya şəxsi telefonlarına endirilməsini qadağan edən ölkələrin sayı artır.

Bu yaxınlarda Kanada "TikTok"un ictimai cihazlarda istifadəsini qadağan edib. Kanada İnformasiya Şurası qərarın "tətbiqin qəbuledilməz səviyyədə məxfilik və təhlükəsizlik riski yaratdığı" qiymətləndirməsi nəticəsində qəbul edildiyini bildirib. Kanadanın Baş naziri Castin Trüdo tətbiqin dəyişdirilməsi lazım olan təhlükəsizlik problemi ilə bağlı kifayət qədər narahatlığının olduğunu söyləyib: "Bu, atmalı olduğumuz ilk və ya yeganə addım ola bilər", deyə o, əlavə edib.

Kanadanın bu addımı Avropa Komissiyasının oxşar "TikTok" qərarından sonra baş verib. Avropa İttifaqının ən böyük qərar qəbul edən qurumlarından biri olan Avropa Komissiyası da kibertəhlükəsizlik səbəbilə fevralın 23-də minlərlə əməkdaşının telefonlarında "TikTok"dan istifadəni qadağan edib.

Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tieri Breton Aİ-nin "TikTok" qadağasını elan etsədə, sosial media platformasının hər hansı bir hadisə ilə əlaqəli olub-olmaması ilə bağlı açıqlama verməkdən imtina etmişdi. Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Mişel Donelan bunun "şəxsi seçim" olduğunu söyləyib. O, "insanları "TikTok"dan istifadəni qadağan etməyə məcbur edəcək heç bir sübutumuz yoxdur", deyə qeyd edib.

London Universitet Kollecində (UCL) kibertəhlükəsizlik və siyasət araşdırmaları aparan Madelin Karr bildirib ki, qadağa məlumatların paylaşılması ilə bağlıdırsa, o zaman "WhatsApp" və ya "Facebook" da ictimai cihazlarda qadağan edilməlidir : "Axı biz bilirik ki, bu platformalar da məlumatlarımızı toplayır və paylaşır. Bu platformalar bir çox departamentlər tərəfindən davamlı olaraq cəzalandırılır", - Karr bildirib.

Digər tərəfdən, Avropa Komissiyası digər sosial media platformaları ilə bağlı təhlükəsizlik məsələlərinində mütəmadi olaraq nəzərdən keçiriləcəyini vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq isə mətbuat konfransında Aİ-nin qərarına toxunaraq “milli təhlükəsizlik anlayışından sui-istifadə etməyi dayandırmağa” çağırıb.

"TikTok" platforması uzun müddətdir ki, şəxsi məlumatlardan istifadə etdiyinə və Çin hökuməti ilə əlaqələrə görə tənqidlərin mərkəzində olub. Ötən ilin dekabrında ABŞ Senatı federal hökumət işçilərinə "TikTok"u dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib. Kanadanın qərarından bir gün əvvəl Ağ Ev ictimai işçilərinə "TikTok"u federal hökumət cihaz və sistemlərindən çıxarmaq üçün 30 gün vaxt verdiyini açıqlamışdı.

Şirkət verdiyi açıqlamalarda Çin hökumətinin istifadəçilərin məlumatlarına çıxışı olmadığı və Çin versiyası olan "Duoyin" ilə TikTok-un ayrı platformalar olduğunu təkid edir.

Digər tərəfdən, "TikTok" Fərdi Məlumatların Qorunması Şurası tərəfindən (KVKK) 92 min 653 dollar məbləğində cərimələnib. Sosial media platforması uşaqların şəxsi məlumatlarına baxmaq, icazəsiz məlumat toplamaq və qanun pozuntularına görə cəzalandırılıb.

2016-cı ildə istifadəyə verilən qısa video paylaşma tətbiqi "TikTok" bütün dünyada çox populyarlaşıb. 2022-ci ildə sosial şəbəkədən istifadə edənlərin sayı 755 milyona çatıb. ABŞ-da yeniyetmələrin üçdə ikisi "TikTok"dan istifadə edir. "TikTok"a üzvlük üçün yaş həddi 13-dür. Hindistanda və bəzi Asiya ölkələrində də tətbiqə geniş ictimai qadağa var.