Bu gün:
Xezer.info » Köşə yazıları » WarGonzo ermənilərin təbliğat-təşviqat carçısıdır

WarGonzo ermənilərin təbliğat-təşviqat carçısıdır


WarGonzo ermənilərin təbliğat-təşviqat carçısıdır
WarGonzo ermənilərin təbliğat-təşviqat carçısıdır
İkinci Qarabağ müharibəsində ermənilərə “xüsusi qayğı göstərən”, qalmaqalları ilə məşhurlaşmış bloger Semyon Peqov daha səngərlərdə kamera ilə qabağa əyilib cəld qaçmır, erməni əsgərlərini ruhlandırıb qızışdırmır, əksinə, internet meydanlarında daha çox “ilişib qalır”. Onun yaratdığı “WarGonzo” layihəsinin Tviter hesabında demək olar ki, hər gün antiAzərbaycan yönümlü video və şərhlər dərc edilir. Daha çox əliaçıq sponsor təxsisatlarından asılı olan açıq-aşkar canfəşanlığına baxmayaraq, Ermənistanda Peqovun halına o qədər də yanmırlar, Azərbaycan isə ümumiyyətlə onu beynəlxalq axtarışa verib. Erməni səngərində peyda olarsa, yəqin ki, şillə-şapalaq yeyəcək. Çünki məhz o, tanınmış Susanindən betər ermənilərin işlərini qarışdırır, erməni ordusunun bədnam “qələbə”ləri barədə saxta reportajlarla onları çaşdırırdı. Barəsində Peqovun ağzı köpüklənə-köpüklənə təsdiqlədiyi sərhədlərin Azərbaycan Ordusu tərəfindən çoxdan azad edildiyi aşkar olunduqda ümidin boşa çıxması nə dərəcədə olub? Müharibə sizin üçün nağıllar deyil ki, dünyaya yayasınız... Burada hər şey vicdanladır: ya sən (qalib gəlirsən), ya sənə (qalib gəlirlər). Ermənilərdə görünür, vicdanla alınmır. Döyüş meydanında, açıq qarşıdurmada vurnuxmaq və aradan çıxmaq mümkün olmadığı halda, onlar azərbaycanlıların qarşısına heç nə qoya bilmədilər, yalnız necə deyərlər, dabanlarına tüpürüb qaçdılar.

Həmin vaxt Peqov-Qabrelyanov pulemyot kimi susmur, bir-birinin ardınca erməni ordusunun Hadrutda, Füzulidə, Şuşada “qələbə yürüşü” barədə yalan və böhtan dolu videolar yayırdı. Ermənilər isə ekrana yapışaraq “WarGonzo” kanalına heyranlıqla baxır və inanırdılar... Yaxud da sadəcə inanmaq istəyirdilər... Bax burada ağıl və sağlam düşüncə yerinə düşərdi. Yürüş əlbəttə ki, vardı, ancaq əks istiqamətdə, daha doğrusu qaçış idi. Müharibədən sonra erməni generallar erməni əsgərlərinin fərarilik faktlarını inamı qırılmış şəkildə etiraf edirdilər. Erməni əsgərlərini mövqelərdə saxlamaqdan ötrü necə zəncirlənmələri barədə kadrlar bütün dünyaya yayılıb. Hətta Ermənistan Müdafiə Nazirliyi da dərc olunan məlumatların yalan olmasını etiraf edərək özlərinin gücsüzlüyünü boyunlarına alıblar.

Lakin sözsüz ki, Peqovun Şuşa şəhərindən qondarma reportajı yalanın ən yüksək zirvəsinə çevrildi. Kamuflyaj geyinmiş Peqov ermənilərə əbəs yerə sübut etməyə çalışırdı ki, guya Şuşa Azərbaycan Ordusu tərəfindən azad olunmayıb və Azərbaycan əsgərinin ayağı bu yerlərə dəyməyib. Ermənilər kürən fırıldaqçıya yumruqlarını göstərsələr də, yenə də onun toruna düşdülər. Nəticədə Peqovun mübaliğəsiz və montajsız söyüş söydüyü kadrları yayıldı, kadrlarda Peqov bizim ordumuzun qarşısından erməni əsgərləri ilə birgə qaçmaqla canını qurtarır. Peqov Yerevanın göstərişi ilə hərbi əməliyyatlar zonasından qovulduqda incik halda bildirdi ki, o, İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun məğlubiyyətində onun erməni cəmiyyəti tərəfindən günahlandırılması kimi tendensiyanı düzgün hesab etmir.

Azərbaycan Ordusu Kəlbəcər, Laçın və Daşkəsən istiqamətlərində ermənilərin genişmiqyaslı təxribatının qarşısını alanda da Peqov öz axmaqlığı ilə “parladı”. “Azərbaycanlılar qəti şəkildə bizim sərhədçilərdən öz postlarını tərk etməyi tələb etdilər, guya əks halda Bakının onlara təhlükəsizlik zəmanəti vermədiyini bəyan ediblər. Lakin rusiyalı sərhədçilər də qəti şəkildə atəş zonasını tərk etməkdən imtina edərək öz postlarında qalıblar”, - deyə o, bu dəfə Sünikdə, həmişə olduğu kimi yalnız özünə məlum olan mənbələrə istinadla bəyan etmişdi.

Politoloq İlqar Vəlizadə deyir: “Peqovun savadsızlığı sadəcə heyrətləndirir. Çünki hətta məktəbliyə məlumdur ki, sərhədçilər öz ölkəsinin sərhədlərinin keşiyini çəkirlər. Nəyə görə rusiyalı sərhədçilər birdən-birə Ermənistan-Azərbaycan sərhədində olmalıdırlar, üstəlik, regionda vəziyyətin gərginləşməsinə səbəb olan Ermənistana niyə kömək etməlidirlər?”.

Ekspertin sözlərinə görə, bu Ermənistan tərəfindən Azərbaycanla münasibətlərin süni surətdə kəskinləşməsinə Rusiyanı və onun simasında KTMT-ni cəlb etmək cəhdidir. Politoloq əmindir ki, bunlar əbəsdir.

Bir tərəfdən də Ermənistanın kömək üçün üz tutduğu KTMT imtina etdi. Ovqatı təlx olmuş Paşinyan o saat Qərbin qucağına atıldı. Belə reveranslar baş nazirin yaltaqlandığı Rusiyanın çətin ki, xoşuna gələr. Ancaq tarixən belə olub: ermənilər həmişə dünyanın güclüləri qarşısında yaltaqlıq edərək, özlərinə imtiyazlar güdməyə çalışıb, artıq vəd verilən kimi onlara uzanan yardım əlini qoparıb, xəyanət ediblər.

Gəlin, məqaləmizin mövzusuna qayıdaq...

Peqov-Qabrelyanovun növbəti “quş buraxması” onun Bakıda şəhidi son mənzilə yola salmağa gəlmiş insanların kütləvi toplanmasını hansısa “qiyam” kimi qələmə vermək cəhdi oldu. Burada şərhə ehtiyac yoxdur, necə deyərlər, ac toyuq yuxuda darı görər...

İnanmaq istərdik ki, sağlam düşüncə qalib gələcək, ermənilər bir daha xalqlar arasında nifaq salan, rahat kresloda oturub kompüter ekranının arxasında gizlənən Semyon Peqovun və ona bənzər kin-küdurət mənbələrinin təhriklərinə uymayacaqlar. Axı məlumdur ki, xain xoflu olar...

Nadiyə Qafarova,
publisist, tərcüməçi

İsa İsmayılov,
hərbi jurnalist