Bu gün:
Xezer.info » Media » Mətbuat Şurası Türkiyədə çevriliş cəhdi ilə bağlı Azərbaycan KİV-lərinəmüraciət etdi

Mətbuat Şurası Türkiyədə çevriliş cəhdi ilə bağlı Azərbaycan KİV-lərinəmüraciət etdi


Mətbuat Şurası Türkiyədə çevriliş cəhdi ilə bağlı Azərbaycan KİV-lərinəmüraciət etdi
Mətbuat Şurası Türkiyədəki son hadisələrlə bağlı Azərbaycan jurnalistlərinə müraciət edib.

Müraciətdə deyilir:

“Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqla son dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur.

Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir.

Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir.

İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır.

Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır.