Şavkat Mirziyoyev: “Heydər Əliyev bütün həyatını doğma Azərbaycana həsr edib”
21-iyun-2022“Biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib”.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimindəki çıxışında bildirib.
Özbəkistan Prezidenti deyib ki, Heydər Əliyev həqiqətən müstəqil Azərbaycanın memarı idi:
“Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib”.
Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşadığını xatırladan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb ki, bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxlayıblar.