"Heydər Əliyev həmişə dərin hörmətlə yad ediləcək, Milli Qurtuluş Günü tarixdə əbədi qalacaq"
15-iyun-2022"Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini və suverenliyini bərpa etdi. Bu tarix elə bir dövrə təsadüf edirdi ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən yeni yaradılmış suveren dövlətin rəhbərliyinə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər gəlmişdi".
"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan məşhur "91-lər"in və partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, belə vəziyyət cəbhədə gərginliyi artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırmışdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur, etnik təmizləmə aparırdılar: "Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildilər. Əvəzində erməni quldurlar 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımını törətdilər. Həmin ilin may ayında isə Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu. Özünü xalqın aparıcı qüvvəsi hesab edən Xalq Cəbhəsi və Müsavat cütlüyü bu faciələrdən istifadə edərək hakimiyyəti ələ aldılar. Lakin onların dövlətçilik və idarəetmə təcrübəsi yox idi. Cəbhəçilər işlərini günün tələbinə uyğun qura bilmir, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilirdilər. Nəticədə ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən keçmiş Dağlıq Qarabağa qonşu 7 rayonun zəbt edilməsinə şərait yaratdı".
YAP funksioneri qeyd edib ki, düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin isə Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək muxtar respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı: "Heydər Əliyevin Naxçıvanda əldə etdiyi bu uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədi. Çünki Heydər Əliyev naxçıvanlılara, sözün əsl mənasında, arxa olduğu kimi, əhali də onun arxası idi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi. Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda ölkədə getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Digər tərəfdən isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdılar. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "Talış-Muğan Respublikası" yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Bunun davamı kimi, 1993-cü il iyunun 4-də Gəncədə hərbi qiyam baş verdi, qardaş qanı axıdıldı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan cütlük məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Bakıya çağırmağa məcbur oldu. Amma Heydər Əliyev onların bu təkliflərini qəbul etmədi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim ulu öndəri təkidlə Azərbaycan rəhbərliyinə dəvət etdi. Xalq inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər. Xalqın çağırışını qəbul edib Bakıya dönən Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 İyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Həmin dövrün son tarixi hadisələri, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görüldü, ölkədəki vəziyyət barədə xalqa məlumat verildi. Bu çox qısa müddət ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Cəmi 4 ayda sübut olundu ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən yeganə şəxs məhz Heydər Əliyevdir. Bunu 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizinin Heydər Əliyevə səs verməsi də nümayiş etdirdi".
E.İbrahimov bildirib ki, Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu: "Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən daxili və xarici anti-Azərbaycan qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etdilər, terror aktları törətmək istədilər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı. Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə "bir millət, iki dövlət" prinsipi əsasında əlaqələr daha da möhkəmləndi. Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi".
Deputat həmçinin vurğulayıb ki, XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan ulu öndər həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır: "Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaradıb. Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş XX əsrin böyük siyasətçisi Heydər Əlirza oğlu Əliyevə qismət oldu. Ulu öndər bu şərəfli missiyanı Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə əyani surətdə sübut etdi. Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Məhz buna görə həmin dövrdə respublikamızın bütün guşələrindən qədirbilən xalqımız öz istək və arzularını bildirərək 15 İyunun Qurtuluş Günü kimi bayram edilməsi barədə çoxsaylı müraciətlər edirdi. Mən bütün bunları nəzərə alaraq, Milli Məclisin deputatı kimi, 1997-ci il iyunun 17-də parlamentdə çıxış edərək iyunun 15-nin Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd olunması haqqında qərarın qəbul olunması barədə təklif verdim. İlk dəfə verdiyim bu təklif bir çox deputatlar tərəfindən dəstəklənərək 10 gün sonra - iyunun 27-də rəsmiləşdi və Milli Məclisin qərarı ilə 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu. Mən özümü xoşbəxt adam hesab edirəm ki, bu şərəfli missiya ilə çıxış etmək mənə nəsib oldu və xalqımız bu günü hər il qeyd edir. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcək. Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək lideri dəqiq göstərdi. Həmin müraciətdə deyilir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
"Bu tarixi müraciətdən keçən 19 il ulu öndərin dediklərinin həqiqət olduğunu göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev ümummilli liderin layiqli varisi olduğunu sübut etdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq Qələbə bu Qurtuluşun zirvəsi olmaqla ata vəsiyyətinin yerinə yetirilməsi və Heydər Əliyevin sona çatdıra bilmədiyi taleyüklü məsələnin əzəmətli sonluğudur. İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi tədbirlər sayəsində beynəlxalq təşkilatların hazırladığı müxtəlif reytinq cədvəllərində Azərbaycanın yüksək yer tutması, habelə ölkə əhalisinin güzəranının yaxşılaşması və regionların sürətli tərəqqisi son vaxtlar əldə etdiyimiz möhtəşəm nailiyyətlərin bir hissəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev qədirbilən xalqımız tərəfindən həmişə dərin hörmətlə yad ediləcək, 15 İyun Milli Qurtuluş Günü kimi tarixdə əbədi qalacaq", - deyə o qeyd edib.