XİN başçısı: “Müharibədən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb"
07-iyun-2022“İkinci Qarabağ müharibəsindən və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində söyləyib.
“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından yana olduğunu ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların üç görüşünü çox müsbət hal hesab edirik. Bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlmiş müsbət mesajlarının bir nümunəsidir. Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, “Bizim Ermənistanla heç bir problemimiz yoxdur. Biz Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq”, - XİN başçısı qeyd edib.
Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunan C.Bayramov Azərbaycanın Türkiyəyə 19 milyard dollar sərmayə qoyduğunu, bunun 17 milyard dollarının enerji sahəsinə aid olduğunu diqqətə çatdırıb.
C.Bayramov bir sıra səbəblər və Ukraynadakı müharibə ilə əlaqədar Avropada çox ciddi enerji böhranı olduğunu, təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha çox nəqli üçün çoxlu müraciətlərin daxil olduğunu bildirib: “Azərbaycan və Türkiyənin əməkdaşlığı və potensialı ilə Avropa bazarına əlavə təbii qaz hasil etmək imkanları var. Burada uzun illərdir müəyyən edilən uğurlu enerji strategiyası öz bəhrəsini verir. Bu gün ölkələr müraciət edir, əlavə təbii qaz tələb edir. Bu infrastruktur layihələrimiz vaxtilə böyük çətinliklərin öhdəsindən gəlinərək həyata keçirilib. Çünki vaxtilə o qərarlar veriləndə bir çox ölkələrin ərazisindən keçərkən çox böyük müqavimət və çətinliklər olub. Lakin bunların öhdəsindən gəlinib və layihələr həyata keçib. Məhz bunun sayəsində Türkiyə və Azərbaycanın iqtisadiyyatının inkişafı, xalqlarımızın rifahının yüksəldilməsi həm də bu böhran durumunda digər qonşu ölkələrə yardım etmə imkanı var”.