Bu gün:
Xezer.info » Siyasət » Ölkəmiz enerji resurslarının tədarükündə etibarlı tərəfdaşdır

Ölkəmiz enerji resurslarının tədarükündə etibarlı tərəfdaşdır


Ölkəmiz enerji resurslarının tədarükündə etibarlı tərəfdaşdır
Paytaxtımız Bakı şəhəri Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. İyunun 1-dən 4-dək davam edən Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Sərgilərdə və forumda 30 ölkədən 250 şirkət iştirak edir.
Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir
Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edib. Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutaraq enerji tələbatının ödənilməsində mühm rol oynayır. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, bunun da böyük əksəriyyətini neft-qaz sektoruna yatırılan investisiyalar təşkil edib. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir.
Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Müstəqillik illərində Azərbaycandan Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəməri çəkildi. Bunun sayəsində Azərbaycan bir çox ölkələrin tələbatlarını təmin etdi. Daha sonra, "Şahdəniz" yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bu gün Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Qərb analitikləri xüsusi olaraq qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətləri ilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir. Azərbaycan hökümətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.

Tufan Məmmədov – iqtisadçı ekspert