Bu gün:
Xezer.info » Manşet » Heç kim Putinə güzəştə getməyəcək - Politoloq

Heç kim Putinə güzəştə getməyəcək - Politoloq


Heç kim Putinə güzəştə getməyəcək - Politoloq
Üç aya yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi uzandıqca ehtimallar və proqnozlar da dəyişir. İndiyə kimi müxtəlif siyasətçilər və media qurumları müharibənin taleyi haqqında fərqli fikirlər səsləndirib.

Bu günlərdə isə “Bloomberg” Avropa İttifaqının (Aİ) Putinin Rusiya qazının rublla ödənilməsi tələbinə dair güzəştə getməyə hazır olduğunu açıqlayıb. Belə ki, bu barədə Con Folleyn və Alberto Nardellinin müəllifliyilə dərc olunan məqalədə bildirilib. Müəlliflərin yazısında Macarıstandan sonra Aİ üzvü olan digər ölkələr də Rusiya prezidenti Vladimir Putinin qaz tədarükünün rublla ödənilməsi tələbinə boyun əyməyə hazır olduğu söylənilir. Onlar hesab edir ki, Qərbi və Şərqi Avropa ölkələri arasında Ukraynaya silah tədarükü, Putinlə razılaşmalar və gələcək sülh müqaviləsi çərçivəsində Ukraynanın şərtləri ilə bağlı fikir ayrılığı yaranıb.

Maraqlıdır, Avropa İttifaqı Putinə güzəştə gedəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Avropa İttifaqı üzv ölkələrin iqtisadi siyasi maraqlarını müdafiə edir:

“Müharibənin başladığı ilk gündən onun taleyi haqda hər kəs öz fikrini ifadə edir. Lakin bu o demək deyil ki, Qərb mediasında yayımlanan bütün məlumatlar 100 faiz doğrudur. Rəsmi məlumatları yalnız hökumət orqanları verir. Digər tərəfdən əgər Avropa İttifaqı altıncı sanksiyalar paketini yumşaq şəkildə verirsə bunun öz səbəbləri var. Lakin bu o demək deyil ki, Aİ Putinə güzəştə getmək istəyir. Avropa İttifaqı üzv ölkələrin iqtisadi siyasi maraqlarını müdafiə edir. Həmçinin, Macarıstan Rusiyadan qazı rublla almağa razılıq verib. Çünki Macarıstan varlı ölkə deyil və buna məcburdur”.


Politoloqun fikrincə, heç kim Putinə güzəştə getməyəcək:

“Hesab edirəm ki, müharibənin taleyini altıncı sanksiyalar paketi həll etməyəcək. Sanksiyalar uzunmüddətli dövr üçün Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq və çökdürəcək. Lakin indi ağır döyüşlər gedir. Rusiya-Ukrayna müharibəsinin taleyini yalnız güclü silah yardımı həll edəcək. Qərb dövlətləri Ukrayna ordusuna ağır silahları tez çatdırsa onlar bir-iki aydan sonra əks hücuma keçib torpaqlarını işğaldan azad edə bilər. Yəni, heç də hər şey göründüyü kimi deyil. Avropa İttifaqı öz mənafeyini müdafiə edir. Lakin heç kim Putinə güzəştə getməyəcək”.