XIRDALAN BƏLƏDIYYƏSI QANUNSUZ EV PULU YIĞIR – AÇIQLAMA
06-iyul-2021“Mənzilə görə bələdiyyə vergisinin ödənilməsi üçün bildiriş paylayıblar. Mətn elə yazılıb ki, sanki ödəniş edən olmazsa, sakinləri döyəcəklər. Bu üslubda, belə yazı tərzi ilə vətəndaşlarla danışmazlar. Hələ bələdiyyə guya seçkili orqandır.
Yazdığınız üslubla indi də gedin mənzil sahibini tapıb, görək ödətdirə biləcəksiniz? Adamları heç mən tapa bilmirdim lazım olanda”. TİA.Az bildirir ki, bu fikirləri jurnalist Rəsul Mirhəşimli yazıb. Onun qeydlərinə görə, bildiriş Xırdalan bələdiyyəsindən gəlib.
Rəsul Mirhəşimli
Bildirişdə vətəndaşların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacağı və maliyyə sanksiyası tətbiq ediləcəyi qeyd olunur. Bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil. Bununla bağlı Vergilər Nazirliyindən rəsmi açıqlama verilib. Açıqlamada qeyd olunur ki, Vergi Məcəlləsinin 197.1.1 maddəsinə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır. Yəni kupçası olmayan mənzilə görə əmlak vergisi tutulmur.
Nazirlikdən qeyd edilib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də “xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır.
Abşeron Gənclər şəhərciyində “kupça” verilməyən mənzillərdən əmlak vergisini tələb etmək qanunsuzdur. Sakinlər bu bildirişlərin tələb tonunda yazılmasından əndişəyə düşməsinlər. Bizim yaşayış massivində yalnız “kupçası” olan mənzillərin sahibləri əmlak vergisini ödəməlidir. Bu vergilər də vətəndaşın yerli bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alındığı gündən hesablanır. Əvvəlki illərə və vergilərin ödənilmədiyi dövrə görə heç bir faiz tutula bilməz.