Cırılmış əsginazlar hər yerdə dəyişdirilə bilər - Ekspert
06-okt-2017Cırılmış əsginazları pul qabımızın bir küncdə yararsız bir əşya kimi saxlayırıq. Çünki xüsusilə regionlarda fəaliyyət göstərən banklar bu pulları qəbul etmir. Bəziləri həmin əsginazların yararsız olduğunu, bəziləri də yalnız Mərkəzi Bank tərəfindən dəyişdirilə biləcəyini vurğulayırlar.
Məsələ ilə bağlı Axar.az-a danışan “Azər Türk Bank”ın mətbuat katibi, ekspert Rauf Ağayev bildirib ki, cırılmış əsginazlar qanunvericiliyə əsasən, istər Mərkəzi Bankda, istərsə də digər kommersiya banklarında yenisi ilə dəyişdirilə bilər:
“Qanunvericiliyə əsasən, əsginazın bütöv səthindən 60 faizi salanmatdırsa, həmin əsginaz istənilən bankda dəyişdirilə bilər. Hətta bir əsginaz bir neçə hissəyə parçalanmış olsa da, həmin parçaları birləşdirən zaman əsginazın səthinin 100 faizi tamamlanarsa, bu halda da əsginazın yenisi ilə dəyişdirilməsi mümkündür”.
Rauf Ağayev onu da qeyd edib ki, zədələnən xarici valyutaları da yenisi ilə dəyişdirmək olur:
“Bunun üçün yerli banklarımız həmin valyutanın məxsus olduğu dövlətin mərkəzi bankına müraciət göndərirlər. Bu müraciət məqbul hesab olunarsa, zədələnmiş pul yenisi ilə dəyişdirilir”.