"Qarabağ" "Roma"ya qarşı: 70 min azarkeş ilə!
27-sen-2017Bu gün Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ" növbəti matçına çıxacaq.
Qitənin ən nüfuzlu turnirindəki təmsilçimiz İtaliya nəhəngi "Roma" ilə qarşılaşacaq. Təbii ki, meydana italyanlar favorit qismində çıxacaq. Amma "Qarabağ"ın evdə oynaması azərbaycanlı futbolsevərləri müəyyən mənada ümidləndirib. Yəni, güclü azarkeş dəstəyi, evdə oynamaları, bir qədər də komandanın diqqətli olması sərfəli nəticəyə gətirib çıxara bilər. Üstəlik deyilənə görə satışa çıxarılmış bütün biletlər sahibini tapıb. Deməli komandamızı güclü dəstək gözlədiyini söyləyə bilərik. Təbii ki, azarkeşlər fəallıq nümayiş etdirsə, bu ən azı "Qarabağ"ın bacardığından daha yüksək səviyyədə oynamasına gətirib çıxara bilər. Digər tərəfdən 70 min adamın bir oyuna gəlməsi isə ölkəmiz üçün yeni rekord olacaq. Qurban Qurbanovun komandasının öz oyun üslubuna sadiq qalması və bu cür rəqibə qarşı açıq futbol oynaması isə marağı daha da artıra bilər. Hər halda yaxşı nəticəyə ümid edək.
Çempionlar Liqası
20:00. "Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya)
Hakimlər: Artur Dias, Rui Tavares, Paulo Soares, Tiaqo Martins, Joao Pineyro, Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu.