Bu gün:
Xezer.info » Sosial » DEPUTATDAN ANORMAL AÇIQLAMA – “Bahalaşma inkişafa çox böyük töhfə verəcək”

DEPUTATDAN ANORMAL AÇIQLAMA – “Bahalaşma inkişafa çox böyük töhfə verəcək”


DEPUTATDAN ANORMAL AÇIQLAMA – “Bahalaşma inkişafa çox böyük töhfə verəcək”
Elman Nəsirov: “Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik”

Araz Əlizadə: “Büdcəni nə iləsə doldurmaq lazımdır”

Tahir Rzayev: “Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq”

“Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək”.
Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:
“Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.
R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.(aznews.az)

Deputat Elman Nəsirov hesab edir ki, Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Deputat bildirib ki, Tarif (qiymət) Şurası bu qərarı qəbul etməmişdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb:

“Aparılan bu təhlillərdən sonra belə bir addım atılıb. 2016-cı il bütün dünya üçün, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Amma, eyni zamanda reallıqlar da var”.
E.Nəsirov bildirib ki, Tarif (qiymət) Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə isə Modern.az-a bildirib ki, qiymətlərin bahalaşması normaldır.
“Əlbəttə ki, təbii qaz və elektrik enerjisinin qiymətinin bahalaşması əhalinin vəziyyətini pisləşdirəcək. Amma bu təbiidir. Çünki Azərbaycanın bütün iqtisadiyyatı neftə və qaza köklənib. Neftlə qazın qiymətləri düşdüyünə görə Azərbaycanın gəlirləri azalır. Büdcəni nə iləsə doldurmaq lazımdır.

Bəzən xəstəni müalicə etmək üçün cərrahiyyə əməliyyatı keçirib onun kor bağırsağını kəsib çıxarırlar. Maaşların artırılması bağlı heç nə deyə bilmərəm. Çünki gələn ilin büdcəsi qəbul edilməyib. Azərbaycan təcrübəsində belə bir hal var ki, hər il prezident əhalinin maaşlarını, gəlirlərini, təqaüdlərini indeksləşdirir”.

Deputat Tahir Rzayev Tarif (qiymət) Şurasının sonuncu qərarının aztəminatlı ailələrə o qədər də ziyan vurmadığını düşünür.
O hesab edir ki, bu qərar daha böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: “Əgər kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəsin. Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Əgər aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir”.

T.Rzayev deyib ki, Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verilir: “Küçələrə çıxırsan, nə qədər işıq yanır, rayonlara gedirsən, səhər açılıb, amma qapıda işıqlar yanır, küçələrdə işıqlar yanır. Ümumiyyətlə, qənaət olunmalıdır. Yox, əgər kiminsə doğrudan da imkanı varsa, artıq enerji istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir. Bu, tam düzgün qərardır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən”.

Noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.