“Formula-1” zamanı qanunsuz aksiyaların qarşısı alınacaq”
08-iyun-2016Siyavuş Novruzov: “Bizi istəməyən qüvvələrin mövcudluğundan xəbərdarıq”
“Formula-1” yarışları yaxınlaşdıqca bu yarışlar zamanı Azərbaycanın imicinin layiqincə qorunması, ölkəmiz haqqında mənfi təəssürat yaradan halların baş verməməsi ilə bağlı narahatlıq da getdikcə artmaqdadır. Etiraf etmək lazımdır ki, “Formula-1” yarışları zamanı hər hansı müxalif partiya və ya gənclər təşkilatının keçirəcəyi aksiya mövcud hakimiyyəti arzuedilməz mənzərə ilə üz-üzə qoya bilər.
Maraqlıdır, “Formula-1” yarışları zamanı kütləvi aksiyaların keçirilməsi azadlığı müvəqqəti olaraq məhdudlaşdırıla bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov qanunsuz aksiyaların qarşısının alınacağını vurğulasa da, bu kimi məsələlərin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) tənzimlənəcəyini qeyd etdi:
“Bu cür mötəbər tədbirlərin keçirilməsi Azərbaycanın təbliği, onun mədəniyyətinin, idmana olan diqqətinin təbliği deməkdir. Bu tədbirlər zamanı ölkəyə xeyli sayda turist gəlir, onlar ölkəmizlə bağlı məlumatlar əldə edir, öz təsəvvürlərini genişləndirirlər. Onlar bu səfərlər zamanı Azərbaycandakı inkişaf və tərəqqinin şahidi olurlar. Lakin təbii ki, bizi istəməyən qüvvələr də var. Biz “Eurovision” zamanı bunun şahidi olduq. Həmin tədbir zamanı insanları yanlış yöndə məlumatlıandırmaq istəyən qüvvələr oldu. Avropa Oyunları zamanı da bu cür hallar oldu. Bu baxımdan inanıram ki, bu dəfə də oxşar addımlar atmağa cəhd edənlər olacaq.
Qanuna görə, aksiya keçirmək istəyən partiya və təşkilatlar BŞİH-yə müraciət etməlidir. BŞİH-i isə bu aksiyanın keçirilməsini müvafiq hesab edirsə, bunun üçün gərəkli yer ayırır. Yaxud müəyyənləşdirir ki, nə vaxt, hansı müddətdə bu tədbir keçirilə bilər. Əks təqdirəd, kim qanunsuz aksiya kçeiirləcəksə, onun qarşısı alınacaq”.