Bu gün:
Xezer.info » Sosial » Tovuz RİH-in sektor müdiri Tofiq Zeynalov haqqında ittihamları təsdiq edir?

Tovuz RİH-in sektor müdiri Tofiq Zeynalov haqqında ittihamları təsdiq edir?


Tovuz RİH-in sektor müdiri Tofiq Zeynalov haqqında ittihamları təsdiq edir?
Məmməd Əmin Rəsulzadə küçəsindəki vəziyyətə görə kim məsuliyyət daşıyır?

Rayonun Su-Kanal İdarəsində isə küçədəki qazıntıların “Akkord” tərəfindən aparıldığı deyilir

Oktyabrın 25-də Qafqaznews.az-da “Tovuz şəhərində Məmməd Əmin Rəsulzadə küçəsinə biganəlik göstərilir?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Tovuz şəhəri Məmməd Əmin Rəsulzadə küçəsinin sakinləri bildiriblər ki, üç il əvvəl küçədə gedən kanalizasiya xəttinin çəkilişi işlərindən sonra, yol bərbad vəziyyətə düşüb və hələ də tədbir görülmür.

Küçəmiz mərkəzi yol olan Heydər Əliyev küçəsinə perpendikulyardır. Yəni, rayon mərkəzindən nəinki aralı deyilik, hətta şəhərin mərkəzindəyik. Rayon rəhbərliyi qonşu küçələrə asfalt çəkdirir, amma bizim küçəni görməzdən gəlir. Qərəzli bir münasibət hiss edirik. Hər dəfə yağış yağandan sonra küçə gölməçələr və palçıqla dolur, normal hərəkət edə bilmirik. Dəfələrlə sakinlər RİH başçısına və vəzifəli şəxslərə dərdini deməyə çalışıblar, lakin dinləyən olmayıb. Bir neçə ay əvvəl laqeydlikdən təngə gələn küçənin qadınları yolu bağladı, bunu eşidən icra başçısı Tofiq Zeynalov isə sakinlərin üstünə polis göndərdi və deyilənə görə, acıqlanıb dedi ki, belə etdikləri üçün, o küçəyə asfalt çəkilməyəcək. Biz sizdən xahiş edirik, bizim problemi işıqlandırın və RİH-dən soruşun ki, niyə bizim küçəni asfaltsız qoyublar? Rayonun abadlaşdırma işlərinə bu qədər pul ayrılır, amma ondan bizim küçəyə bir qəpik də qıymırlar. Eşitdiyimizə görə, bu il küçələrin asfaltlanması üçün 650 min manat pul ayrıldı, lakin o pullar hara ayrıldı, bizim küçəyə niyə çatmadı, xəbərimiz yoxdur. Küçədə 70-80 ev var… Sanki eni 10 metr, uzunu 200 metr olan Məmməd Əmin Rəsulzadə küçəsini rayon rəhbərliyi yaddan çıxarıb”, – deyə sakinlər Qafqaznews.az-a bildiriblər.
Biz məsələyə aydınlıq gətirmək üçün, Tovuz RİH Memarlıq və Tikinti Şöbəsinin müdiri Rəşid Həsənovla əlaqə saxladıq. “Bilirsiniz, o vaxt orda kanalizasiya xətti ilə bağlı qazıntı işləri aparıldı, sonra elə də qaldı… Biz hər il bir neçə küçəni təmir edirik, asfalt çəkirik. Büdcədə vəsait məhduddur deyə, hamısına birdən diqqət ayıra bilmirik. Amma o küçənin smetasını hazırlamışam, çox güman ki, 2017-ci ildə orda asfaltlama işləri görüləcək”, – deyə R.Həsənov bildirdi.

“Deməli, sakinlər bir il də gözləsinlər?” – deyə soruşduq. “Gözləsinlər… Şəhərdə 42 küçə var, demək olar ki, 70 faizinə asfalt çəkmişik. Məmməd Əmin Rəsulzadə küçəsi asfaltlanmayan tək küçə deyil. Hər il bir neçə küçəyə asfalt çəkirik. Gələn il ora da növbə çatacaq. İlin sonunda pul ayrılsa, gələn ilin birinci rübündə onların problemini də həll etməyə çalışarıq”, – deyə Tovuzun baş memarı cavab verdi.

“Bizdə olan məlumata görə, asfaltlama işləri üçün 650 min manat ayrılıb”, – deyə qeyd etdik. “650 min manat yox, ona yaxın məbləğ ayrılıb… Amma o pul xərclənib bitib. Yeni investisiya olan kimi, mütləq siz dediyiniz küçəyə də asfalt çəkəcəyik”, – deyə baş memar bildirdi.
“Rəşid müəllim, dediniz ki, o vaxt kanalizasiya xətti ilə bağlı işlərdən sonra, küçə elə vəziyyətdə qaldı…”, – deyə xatırladıq. “Bilirsiniz, xətt çəkilən zaman, qazıntı 80 santimetrlik eni olan sahədə aparılırsa, bərpa üçün vəsait ancaq o əraziyə ayrılır. Amma bu işlərdən sonra, bütün yol korlanır və tədricən dağılmış vəziyyətə düşür. Ona görə də, yolu yenidən çəkmək üçün daha çox vəsaitə ehtiyac yaranır”, – deyə R.Həsənov cavab verdi.

Oktyabrın 27-də biz öyrənməyə çalışdıq, Tovuz RİH-də bu yazının dərcindən sonra hər hansı qərara gəlinibmi?

Xüsusilə də, Tofiq Zeynalovun etiraz edən sakinlərin üzərinə polis göndərməsi və “acığa o küçəyə asfalt çəkdirməyəcəm” deməsi barədə iddialar barədə, Tovuz RİH rəsmiləri nə deyə bilər?

Tovuz RİH-in İnformasiya Təminatı və təhlil sektoru müdiri Ceyhun Zeynalovla əlaqə saxladıq. “Tovuz RİH başçısının sakinlərin üstünə polis göndərməsi və sakinlərlə acığa düşməsi, qərəzli və biganəli münasibətlər barədə iddialar nə dərəcədə uyğundur?” “Orda nə lazımdır, yazmısınız. Məncə, əlavə şərhə ehtiyac yoxdur”, – deyə Ceyhun Zeynalov bildirdi.

“Yaxşı, biz bilmək istərdik, hər hansı tədbir görülməsi qərara alınıbmı?”, – deyə soruşduq. “Siz mənə telefon nömrənizi verin, şəhər nümayəndəsi sizinlə əlaqə saxlayacaq”, – deyə sektor müdiri bildirdi.

Lakin gün ərzində vəd edilən “əlaqə” baş tutmadı. Tovuz Su-Kanal İdarəsinin mühəndisi Oruc müəllim isə Qafqaznews.az-a bildirdi ki, Məmməd Əmin Rəsulzadə küçəsində kanalizasiya xətti ilə bağlı qazıntı işləri “Akkord” şirkəti tərəfindən aparılıb.

“Ümumiyyətlə, kanalizasiya xəttinin çəkilməsi işlərini “Akkord” həyata keçirib. Hələ o xətt “Akkord” tərəfindən bizə təhvil verilməyib”, – deyə mühəndis qeyd etdi. Qafqaznews.az saytı məsələyə aydınlıq gətirmək üçün, “Akkord”un baş ofisinə zəng etsə də, operatorun bağladığı nömrədə bizim zəngimizə cavab verən olmadı. Növbəti cəhdlərimiz də eyni cür nəticəsiz qaldı.

Araşdırmamız davam edir.?
Tovuz RİH-in sektor müdiri Tofiq Zeynalov haqqında ittihamları təsdiq edir?
Tovuz RİH-in sektor müdiri Tofiq Zeynalov haqqında ittihamları təsdiq edir?
Tovuz RİH-in sektor müdiri Tofiq Zeynalov haqqında ittihamları təsdiq edir?